Cari ilin ilk rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə təqribən 6,7 milyon ton xam neft və kondensat nəql edilib. Həmin neft Ceyhan terminalında 68 tankerə yüklənmiş və yola salınmışdır. Bu barədə 5 may tarixində dərc edilmiş bp şirkətinin hesabatında məlumat verilib.
Məlumata əsasən, BTC üzrə əməliyyat xərclərinə təxminən 9 milyon dollar, əsaslı xərclərə isə 4 milyon dollar vəsait xərclənib. Mart ayında Ceyhan terminalından 5 000-ci tanker yola salınıb.
Qeyd edək ki, Azərbaycan neftini daşıyan ilk tanker Ceyhandan 2 iyun 2006-cı ildə yola düşüb. İndiyədək BTC vasitəsilə 507 milyon tondan çox neft nəql edilib. BTC-nin səhmdarları bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.