Avqustun 5-də DİN narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 12 şəxsi məsuliyyətə cəlb edib.
Nəsimi rayonunda keçirilən əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan bir nəfər saxlanılıb. Şübhəli bilinənin üzərindən 65 qram heroin, 58 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Binəqədi rayonunda həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş iki şəxs tutulub. Onların üzərindən ümumilikdə 138 qram heroin, metamfetamin, 2 ədəd elektron tərəzi, eləcə də 75 ədəd narkotik tərkibli həblər aşkar edilib. Saxlanılanlar Rəsulzadə qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Binəqədi rayonunda keçirilən digər əməliyyat nəticəsində gənclər arasında psixotrop tərkibli həblərin satışı ilə məşğul olan iki nəfər saxlanılıb. Onlardan ümumilikdə 81 qram tiryək, heroin, metamfetamin, 240 ədəd narkotik tərkibli metadon həbi və 1 ədəd elektron tərəzi götürülüb.
Abşeron rayon Masazır qəsəbəsi sakini narkotik vasitələrin onlayn satışı ilə məşğul olduğuna görə tutulub. Şübhəli bilinənin evindən 1,47 kiloqram metamfetamin, 270 qram heroin, onlayn satış zamanı istifadə etdiyi bank kartı və 2 ədəd elektron tərəzi aşkar olunub.
Abşeron rayon Xırdalan şəhəri sakininin evindən 5 qram metamfetamin və 1 ədəd “F-1” əl qumbarası aşkar olunub. Şübhəli bilinən şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum olunub.
Abşeron rayon Xırdalan şəhərində aşkarlanan “tiryəkxana”da üç nəfər tutulub. Saxlanılanların üzərindən ümumilikdə 27 qram heroin və metamfetamin götürülüb.
Yasamal və Sabunçu rayonlarında əvvəllər məhkum olunmuş 2 şəxs saxlanılıb. Şübhəlilərdən birinin üzərindən və idarə etdiyi avtomobildən 9 qram kokain, 35 qram metamfetamin, 25 ədəd metadon və 1 ədəd elektron tərəzi aşkar olunub. Digərindən isə 1,8 kiloqram marixuana və elektron tərəzi tapılıb. Saxlanılanlar ifadələrində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı araşdırmalar davam edir.