Bakıda oktyabrın 29-da SSRİ xalq artisti Müslüm Maqomayevin 80 illik yubiley gecəsi keçiriləcək. Bu haqda məlumat Heydər Əliyev Sarayının Facebook hesabında paylaşılıb.
“Əbədiyaşarlar” layihəsi çərçivəsində keçiriləcək tədbirdə müğənninin dünya şöhrətli nəğmələri səslənəcək.
Biletlərin qiyməti 10 - 140 manat arasında dəyişir. Konsert saat 19:00-dan 21:00-dək davam edəcək.
Azərbaycan-sovet opera və estrada müğənnisi 1942-ci il 17 avqust tarixində Bakıda anadan olub. O, C.Rossininin “Sevilya bərbəri” operasında yaratdığı Fiqaro obrazı ilə məşhurlaşıb.
Sənətkar 1973-cü ildə “SSRİ xalq artisti” fəxri adına layiq görülüb, 1997-ci ildə Azərbaycanın “Şöhrət”, 2002-ci ildə isə “İstiqlal” ordenləri ilə təltif olunub. Bəstəkar 2008-ci ildə 67 yaşında Moskvada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.