Biləsuvar rayonunun Səmədabad kəndində bəzi evləri və onların həyətyanı sahələrini su basıb. Bu barədə aprelin 20-də Report məlumat yayıb.
Hadisəyə kəndin yuxarı hissəsində sakinləri ötən ildən su ilə təmin edən yeni su kanalının daşması səbəb olub.
Yeni çəkilən bu su kanalı hazırda kəndin yuxarı hissəsində 80-ə yaxın evin su təminatını ödəyir. Əvvəlki dövrlərdə buradakı evlərin su təminatı Mil-Muğan kanalından olub.
Kəndin bələdiyyə sədri Əliislam Orucov bildirib ki, sakinlərin şikayəti haqlıdır: “Suyun həcmi çox olduğundan kanal suyu ötürə bilməyib. Nəticədə 4 evin həyətyanı sahələrini su basıb. Məsələ aidiyyəti qurumlarla müzakirə olunub, yaxın vaxtlarda öz müsbət həllini tapacaq".