Bu gün Azərbaycanda Novruz bayramının ilk çərşənbəsi – Su çərşənbəsi qeyd olunur. Ona, həmçinin “əzəli çərşənbə”, “gül çərşənbə”, “sular Novruzu” da deyilir.
Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Həmin gün süfrələr bəzədilir. Təmiz sudan hazırlanmış pürrəngi çay, müxtəlif şirniyyat və yeməklər, əsasən də plov süfrəyə düzülür.
Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığına görə, həmin gün bütün mərasimlər su ilə bağlı olur. Bu çərşənbədə qədim adətlərə görə, su üstündən atlanmaq, arzuları və diləklərini suya danışmaq, səhər tezdən evə bulaq suyu gətirmək lazımdır. İnanclara görə, sübh tezdən bulaqdan evə gətirilən su min bir dərdin dərmanı hesab edilir.
Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur: qabda suya salınan saç və ya sapa üzük bağlayıb evlilik yaşını bilmək, iynələrin uclarına pambıq sarıyıb qismətini təyin etmək və s.