Azərbaycan teatr və kino sənətinin korifeyi, Xalq artisti Möhsün Sənani Cəfərovun anadan olmasından 124 il ötür. O, 1900-cü ildə Tiflisdə ruhani ailəsində doğulub. Uşaqlıqda valideynlərini itirib, nənəsi və daha sonra xalası tərəfindən böyüdülüb.
Səhnə sevgisi onda yeniyetməlik yaşlarından yaranıb. İlk dəfə 1911-ci ildə tamaşaçı qarşısına çıxıb, 1912-ci ildən teatr dərnəklərinə qoşulub. Onun istedadı Mirzəli Abbasov, Mustafa Mərdanov kimi böyük sənətkarlar tərəfindən də qiymətləndirilib.
1915-ci ildə Tiflis teatr truppasına qəbul olunub. Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılıb.
1921-ci ildən Bakıda fəaliyyət göstərməyə başlayıb. O, həm teatrda, həm də kino sənətində unudulmaz obrazlar yaradıb. Məşhur filmləri: “Səbuhi”, “O olmasın, bu olsun”, “Sehrli xalat”.
50 il ərzində səhnədən ayrılmadan fəaliyyət göstərmiş Sənani, fitri istedadı, aktyorluq bacarığı (oxumaq, çalmaq, oynamaq) və gənclərə qayğısı ilə xalqın dərin hörmətini qazanıb.