top
Bu uşaqlar heç kimin gözünə baxmır, sözləri tez-tez təkrarlayırlar – MÜSAHİBƏ
02 aprel 2025, 04:16
- +

Bu uşaqlar heç kimin gözünə baxmır, sözləri tez-tez təkrarlayırlar – MÜSAHİBƏ

2 Aprel – Dünya Autizm Məlumatlandırma Günü…

Bir çox valideynlər üçün övladına bu diaqnozun qoyulması faciə kimi gəlir, uşaqların ömürlük əlil olduğunu düşünürlər. Lakin autizm nə qədər tez aşkarlansa və müalicəyə başlansa, bir o qədər effekt verə bilər. Təəssüf ki, hələ də cəmiyyətdə bu xəstəliyin yaranma səbəbləri, əlamətləri və müalicəsi haqqında dolğun məlumat yoxdur.

Bakuplus.az saytı bu günlə bağlı Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının əməkdaşı, həkim-psixiatrı, uşaq və yeniyetmə psixiatriyası üzrə mütəxəssis Ceyhun Məmmədzadə ilə məhz autizm barədə həmsöhbət olub.

Onunla müsahibəni təqdim edirik:

– Öncə bilmək istərdik ki, autizm nədir?

– Autizm bir inkişaf pozuntusudur. Erkən uşaqlıq dövründə müşahidə edilən və aşkarlanması mümkün olan pozuntulardan biridir. Autizmin əlamətləri çoxdur.

Son zamanlar “autizm spektr pozuntusu” anlayışı da formalaşıb. Qeyd edək ki, ilk dəfə 1943-cü ildə Amerika psixiatrı Leo Kanner yazılarında “autizm sindromu” haqqında məlumatlar verib. O, 11 uşaq üzərində apardığı araşdırmalara əsasən bu sindromu müəyyənləşdirib. Lakin son 50-60 ildə bu pozuntu haqqında anlayış dəyişikliklərə uğrayıb. Bu gün “autistik spektr pozuntusu” adlandırılan bir anlayış Amerika klassifikasiyasında “DSM” adlandırılan klassifikasiyanın 5-ci buraxılışında “autizm spektr pozuntusu” kimi qeydə alınıb. Çünki daha əvvəllər tipik autizm, atipik autizm, Asperger sindromu, Rett sindromu, dezinteqrativ pozuntu olaraq differensasiya aktual idi. Hazırda isə daha çox spektr qeydə alınır.

– Bu xəstəlik ilk olaraq hansı yaşda özünü büruzə verir? Uşağın autizm xəstəsi olduğunu ana bətnində müəyyən etmək mümkündür?

–  Klasifikasiyaya nəzər salsaq, dünya psixiatriya assosiasiyalarının, dünya uşaq və yeniyetmə psixiatriyası assosiasiyalarının rəyinə əsasən, xəstəliyin 3 yaşında müəyyənləşdirildiyi hesab olunur. Rəsmi olaraq diaqnozun qoyulması 3 yaşında mümkündür.

Lakin son zamanlar 2 yaşında da autistik əlamətlər müşahidə olunduqda, artıq işləməyə başlayırıq. Çünki müalicəyə 2 yaşında başlasaq, daha yaxşı nəticə almaq ehtimalımız var. Praktikada hətta 1-1,5 yaşda da bu xəstəliyi müşahidə etmək olur. Bəzən bu cür tez başlanan müalicənin bir neçə aylığında reabilitasiyadan sonra uşaqda böyük irəliləyişlər müşahidə edirik.

Təəssüf ki, uşağın autizm xəstəsi olduğunu ana bətnində müəyyən etmək mümkün deyil. Hazırda autistik spektr pozuntuları ilə bağlı genetik, epgenetik araşdırmalar aparılır. Hətta şübhə doğuran müəyyən genlərin nömrələri də işarələnib. Belə ehtimal olunur ki, məhz həmin genlərin ekspressiyasi nəticəsində bu xəstəlik yaranır. Amma bunların hamısı hələlik elmi fərziyyə mərhələsindədir, təsdiq olunmayıb. Hələlik xəstəliyin genetikası ilə bağlı ciddi elmi tədqiqatlar davam etdirilir. Gələcəkdə bu sahədə dəqiq diaqnozun müəyyən olub-olmayacağını demək çətindir.

– Autizmli uşaq ən çox nədən əziyyət çəkir?

– Autizmli uşaq ən çox ətraf mühitlə ünsiyyətində çətinlik çəkir. Autizmin 3 əsas əlaməti var: sosial kommunikasiya, qarşılıqlı münasibətlərin qurulması və stereotip – təkrarlanan fəaliyyət və davranış modelləridir.

Sağlam inkişaf edən uşaqlarda oyun qurmaq kimi bir qabiliyyət olmalıdır, onlar təqlidi oyunlar qurmalıdır. Məsələn, qız uşaqları anasının hərəkətlərini təkrarlayır, onların çay süzməsini təqlid edirlər. Oğlan uşaqları sanki maşın sürürlər kimi hərəkətlər edirlər. Əslində, normal inkişaf zamanı uşaqlar məhz bu formada oyun qururlar. Lakin spektr pozuntusu olan uşaqlar oyuncaqlardan da fərqli formada istifadə edirlər. Məsələn, oyuncaq maşını sürmürlər, onları sıraya düzüb, kənardan tamaşa edirlər. Və ya göz təması qurmurlar, sözləri tez-tez təkrarlayırlar.

Autizmli uşaqların əziyyət çəkdiyi amillərdən biri də özünü ifadə etməsi ilə bağlıdır. Onlar öz yaşıdları ilə ünsiyyət yaratmaqda çətinlik çəkirlər. Bə yaxud başqa bir misal: autistik pozuntusu olan uşağı valideyn hər gün eyni yolla bağçaya aparır. Bir gün bu küçədə təmir gedir, valideyn uşağı başqa yolla aparmalıdır. Amma yolun dəyişməsinə bu uşaqlarda pis reaksiya ola bilər. Eyni zamanda, belə uşaqlarda davranış və yuxu pozuntularına da rast gəlinir ki, bunlar da uşaqlara kifayət qədər mane olur.

– Bəs bu xəstəliyin dərmanla müalicəsi varmı?  

– Əslində, autistik spektr pozuntusunun medikomentoz (dərmanla) müalicəsinin olmadığı məlumdur. Təəssüf ki, buna baxmayaraq, bir çox hallarda bəzi mütəxəssislər uşaqları hansısa dərmanlarla müalicə etməyə çalışırlar. Lakin bu xəstəliyin dərmanla müalicəsi yoxdur. Autizm spektr pozuntusunun müalicəsinin əsas metodikası psixopedoqoji reabilitasiyadan ibarətdir. Psixopedaqoqlar, loqopedlər bu uşaqlarla işləməlidirlər. Və yaddan çıxarmaq lazım deyil ki, bu uşaqlar xəstə deyillər, sadəcə, fərqli uşaqlar hesab olunurlar. Onlar öz yaşıdlarından fərqlənirlər. Buna görə də belə uşaqlara çox həssas yanaşmaq lazımdır. Müalicə nə qədər erkən yaşdan başlanarsa, bir o qədər də faydası çox olar.

– “Qırmızı bayraqlar” adlandırılan əlamətlər hansılardır?

– 12 ayadək uşaqlar adlarını çağıranda reaksiya vermir, işarələri anlamır, evdə və ya çöldə hər hansı obyekti barmaqla göstərmirlər. Onların xəyal dünyaları olmur. Autizmli uşaqlar tək oynamağa meyillidirlər. Başqaları haqqında maraqlanmır və onların nə hiss etdiklərini dərk edə bilmirlər.

Danışıq və dil bacarıqlarında çatışmazlıqlara, sözləri tez-tez təkrar etmə hallarına rast gəlinir. Yoldakı səslərə, iyə, dada, hisslərə qarşı qeyri-adi reaksiya verirlər. Bu uşaqlar depressiyaya meyilli olurlar. Uşaq özünə qapalı olur, həyəcanını, sevincini və emosional hisslərini bölüşməkdə çətinlik çəkir.

– Bəzi insanların iddiasına görə, autizmli uşaqların müalicə üsullarından biri də cəza metodudur. Bununla bağlı nə düşünürsünüz?

– Onlar nəyi, nə üçün etdiklərini anlamaya bilərlər. Belə uşaqlara avtoritar davranışlar, şiddət göstərmək, təhqir etmək, cəza vermək qadağandır. Çünki bu, onların daha da geri addım atmasına, qayğılarının, simptomatik davranışlarının artmasına səbəb olar. Bu uşaqların krizləri və davranış problemləri ikiqat artar. Uşaqlara təzyiq olunanda özünə qapanır və həmin müəllimə reaksiya vermirlər. Yəni artıq o müəllim uşağı öyrədə bilməz. Uşaq müəllimindən zərər yox, fayda görməlidir. Autizmli uşağı hər vəziyyətdə qəbul edib, sevgi göstərməliyik. Onların başa düşən və başa düşdüklərini hiss etdirən valideynlərə, müəllimlərə, dostlara ehtiyacları var.

– Bəs bütün bunlardan sonra nə demək olar – autizm xəstəliyinin müalicəsi varmı?

– Bunun tam müalicəsi barədə dəqiq bir şey demək mümkün deyil. Çünki hər autistik uşaq fərqlidir. Onların reabilitasiyaya nə dərəcədə uyğunlaşmasından çox şey asılıdır. Dünyada “7 gün 24 saat” adlandırdığınız reabilitasiya prinsipi var. Yəni, belə uşaqlar təkcə getdikləri mərkəzlərdə deyil, evlərində də reabilitasiyada olmalıdırlar. Valideynlərə də belə uşaqlarla işləmək öyrədilir.

– Və nəhayət, autizm diaqnozu qoyulan uşaqların valideynlərinə nə məsləhət vermək olar?

– Tək sözüm – diaqnozu eşidib qorxmasınlar. Bu uşaqları xəstə yox, onları fərqli uşaqlar kimi qəbul etmək lazımdır. Mütəxəssislər isə skrininq metodlarını genişləndirməyə çalışmalıdır. Həm də ictimaiyyətin daha çox məlumatlı olmasına, maarifləndirmənin artırılmasına nail olmalıyıq. Çünki bir çox məsələlərdə olduğu kimi burada da problemlərin əksəriyyəti məlumatsızlıqdan, yaxud yanlış məlumatdan yaranır.

Fidan İlqar

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 11:59

Prezident İlham Əliyev maldivli həmkarına təbrik məktubu ünvanlayıb

Bütün Xəbərlər
Dünən, 16:42

Xırdalanda kişi ona yemək verməyən arvadını döydü

Bütün Xəbərlər
Dünən, 15:56

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Bütün Xəbərlər
Dünən, 15:53

"Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub" - Vado Korovin

Bütün Xəbərlər
Dünən, 15:23

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

Bütün Xəbərlər
Dünən, 14:34

Reper P. Diddy həbsxanadakı davadan sonra təkadamlıq kameraya köçürülüb

Bütün Xəbərlər
Dünən, 14:15

Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Bütün Xəbərlər
Dünən, 13:47

İtaliyanın müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib

Bütün Xəbərlər
Dünən, 13:04

Avropa Liqası: "Qarabağ" azarkeşləri üçün ÇSKA ilə cavab oyununun biletləri satışa çıxarılır

Bütün Xəbərlər
Dünən, 12:35

Bazar günü Azərbaycanda 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 09:36

İspaniya millisi DÇ-2026-dakı çempionluğa görə 15 milyon dollar vergi ödəyəcək

Bütün Xəbərlər
Dünən, 09:29

Tramp ermənipərəst konqresmen Adam Şiffi yekəbaş adlandırıb

Bütün Xəbərlər
Dünən, 00:17

"Dövlət xəstəxanalarında ürəyin MRT-si niyə yoxdur?" - Aparıcıdan ETİRAZ

Bütün Xəbərlər
24 iyul 2026, 20:38

"Speys"dən açıqlama: Məsuliyyət onun üzərinə düşür!

Bütün Xəbərlər
24 iyul 2026, 16:01

Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olundu

Bütün Xəbərlər
24 iyul 2026, 14:18

"Space TV"nin bank hesablarına həbs qoyuldu - SƏBƏB

Bütün Xəbərlər
24 iyul 2026, 13:57

Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edilib

Bütün Xəbərlər
24 iyul 2026, 13:52

Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olunub

Bütün Xəbərlər
24 iyul 2026, 13:48

Məmməd Musayevlə əlbir olub 100 milyonu "yeyiblər" - Vəzifəli şəxslər həbs edildi

Bütün Xəbərlər
24 iyul 2026, 13:45

İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək

Bütün Xəbərlər
24 iyul 2026, 13:42

Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək

Bütün Xəbərlər
24 iyul 2026, 13:40

Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib

Bütün Xəbərlər
24 iyul 2026, 13:37

"İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə" dəyişib

Bütün Xəbərlər
24 iyul 2026, 13:06

Kukurelyanın saçları sadəcə imici deyil – bir atanın övladına sevgisinin simvolu

Oxşar xəbərlər