Dekabrın 26-da azərbaycan dili və coğrafiya fənləri üzrə sınaq imtahanları keçiriləcək. Bu haqda Dövlət İmthan Mərkəzi məlumat yayıb.
İmtahanlar saat 11:00-da başlayacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaq.
1,5 saat davam edən azərbaycan dili fənni üzrə sınaq imtahanı Bakı, Naxçıvan, Gəncə, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində keçiriləcək. Qiymətləndirmədə abituriyentlərin dinləyib-anlama qabiliyyətləri yoxlanılacaq və yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunacaq.
III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupları üzrə imtahan vermək istəyən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan Bakı, Naxçıvan, Gəncə və Şəmkir şəhərlərində baş tutacaq. İmtahanın müddəti 1 saatdır.
Hər iki imtahanda iştirakçılara 30 tapşırıq təqdim olunacaq.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini və imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni gətirməlidirlər.