Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsinin komandiri, polkovnik Əbülfəz Süleymanov dekabrın 3-də əhaliyə çağırış edərək, minalardan təmizlənməyən ərazilərə daxil olmamalarını xahiş edib. Bu barədə Report məlumat verib.
Ə. Süleymanovun sözlərinə əsasən, hazırda Füzuli və Ağdam rayonlarındakı su hövzələrinin minalardan təmizlənməsi işləri aparılır.
“Qarşıya qoyulan tapşırıqlar uğurla həyata keçirilir. Hava şəraitindən asılı olmayaraq əlimizdən gələni edirik ki, torpaqlarımız minalardan və partlamamış mərmilərdən təmizlənsin", - deyə polkovnik qeyd edib.
Daha öncə, dekabrın 1-də Xocavəndin Dolanlar kəndi ərazisinə icazəsiz daxil olmaq istəyən 9 nəfər saxlanılmışdır. Yoxlamalar zamanı həmin şəxslərin buraya metal qalıqları yığmaq üçün gəldikləri müəyyən edilmişdir.