Dekabrın 1-dən etibarən Rusiyaya ixrac olunan pomidorlar üçün ixrac icazəsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanət məktubuna əsasən veriləcək. Bu barədə məlumatı Agentliyin sədri Qoşqar Təhməzli 22 noyabr tarixində keçirilən mətbuat konfransında verib.
Məlumata əsasən, qeyd olunan tarixdən “Rosselxoznadzor” tərəfindən keçirilən videomonitorinqlər dayandırılacaq. Həmçinin aşağı riskli bitkiçilik məhsulları müəyyən edilərək, fitosanitar nəzarəti baxımından yaşıl dəhlizdən keçiriləcək.
Razılaşmaya görə, ixrac olunan bitkiçilik məhsullarının hər partiyası AQTA mütəxəssisləri tərəfindən monitorinq olunacaq və ilkin laborator ekspertiza nəticələri yetərli hesab ediləcək. Bu, sahibkarların əlavə vaxt və vəsait itkisinin qarşısını alacaq.
Xatırladaq ki, 2020-ci ilin dekabr ayından etibarən aşkar olunan bəzi bakteriyalar səbəbindən Azərbaycan pomidorlarının Rusiyaya ixracına qadağa qoyulub. Daha sonra, danışıqlar əsasında bir sıra şirkətlərin ixrac qadağası ləğv olunub.
Qeyd edək ki, 2020-ci ildə ixrac olunan 187,5 min ton pomidordan 180 min tona yaxın hissəsi Rusiyaya ixrac olunub.