Yenicə açılan Azərbaycan İlahiyyat İnstitutunun inzibati binasına köçürülmə işləri aparılır. Bu haqda aprelin 19-da Report-a təhsil müəssisəsindən bildirilib.
Məlumata görə, proses mümkün olan ən qısa zamanda dərslərə mane olmamaq şərtilə yekunlaşacaq.
Hazırda institutun fəaliyyət göstərdiyi bina Bakı Dövlət Universitetinin balansındadır. Həmin binanın otaqları tədris prosesində auditoriya kimi istifadə olunacaq.
Qeyd edək ki, İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır, 43 müəllim çalışır. Yeni inzibati binanın açılışı aprelin 11-də Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Təhsil ocağı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir.