Araz çayını üzərək İrandan Azərbaycana keçən şəxsin başına gələnlər olduqca maraqlıdır. İranda onun sənədələri əlindən alınıb. Bakıya gələndən sonra isə özü könüllü təslim olub.
Musavat.com xəbər verir ki, 28 yaşlı Naxçıvan sakini Elmin Məmmədli ötən ilin sonlarında müalicə üçün İrana gedib. Orada daha əvvəldən tanıdığı Məhəmmədrza adlı İran vətəndaşı ilə görüşüb, onun evində qalıb. Bakıya qayıtmaq istyəndə Məhəmmədrza onun sənədlərini əlindən alıb. Buna səbəb Elminin Tural adlı tanışının Məhəmmədrzaya 75 min manat borcu olması olub. Məhəmmədrza dostunun borcu qarşılığında Elminin sənədlərini girov götürüb.
Elmin oradan qaçaraq sərhəddi qanunsuz olaraq keçib. O, Araz çayını üzərək Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı kəndi istiqamətindən sərhəddi keçib.
Oradan atasına zəng edərək kömək istəyib. Atası həmkəndlisi Fərid adlı şəxsdən Elmini Şahtaxtı kəndindən götürməsini istəyib.
Naxçıvan şəhərinə gələn Elmin şəxsiyyət vəsiqəsi olmadığından SİMA proqramı vasitəsilə bilet alaraq Bakıya gəlib. Sonra da Dövlət Sərhəd Xidmətinə gedərək təslim olub.
Bundan sonra məsuliyyətə cəlb edilən Elmin əməlindən peşman olduğunu bildirib. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Məhkəmə Elmini 1600 manat cərimə edib.