1-3 iyun 2022-ci il tarixlərində Bakı Enerji Həftəsi keçiriləcək. Sözügedən tarixlərdə “Xəzər Neft və Qaz” Sərgisi, “Energetika və Bərpa Olunan Enerji” Sərgisi və Bakı Enerji Forumu təşkil olunacaq. Bu haqda aprelin 20-də tədbirin təşkilatçısı olan Iteca Caspian şirkəti məlumat verib.
“Xəzər Neft və Qaz” sərgisi dünyanın 250-dən çox şirkətinin energetika sənayesinin liderlərini bir araya gətirəcək. İştirakçıların siyahısına Almaniya, ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İsveçrə, İtaliya və digər ölkələrin şirkətləri daxildir.
“Energetika və Bərpa Olunan Enerji” sərgisi enerji və elektrotexnika, alternativ və bərpa olunan enerji mənbələri, kabel və məftil məhsulları və işıqlandırmaya yönəlir.
Hər iki sərgi Bakı Ekspo mərkəzində baş tutacaq.
Bakı Enerji Forumu isə iyunun 2-dən 3-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Forumun gündəliyinə aşağıdakılar daxildir: “Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər”, “Qlobal Enerji perspektivləri”, “Xalis sıfıra aparan yol”, “Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı”.