Bu gündən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) hərəkət edən müntəzəm marşrut avtobusları birbaşa Xəlil Rza Ulutürk küçəsindən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Heydər Əliyev prospekti, Qara Qarayev və Zabrat yoluna istiqamətlənir.
Bu barədə İnsanoid Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən bu gün, 30 iyul tarixində xəbər verir.
Məlumata görə, nəticədə mərkəzdən Heydər Əliyev prospekti, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalıb. 1 gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə düşüb. Sözügedən istiqamət üzrə 31 marşrut üzrə 300-dən çox avtobus sərnişinlərə xidmət göstərir.
Həyata keçirilən dəyişikliklər müntəzəm marşrut avtobuslarının hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atmosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradır.