Kreml təbliğatçısı olan cütlük Marqarita Simonyan və əri Tiqran Keosayanın qohumlarının $7,5 milyon dəyərində daşınmaz əmlakı üzə çıxıb. İnsanoid-in xəbərinə görə, bu, Yandex Food-da baş verən məlumat sızması nəticəsində bilinib.
Belə ki, Tiqran Keosayanın qızı Aleksandra evə çatdırılma sifariş edib. Məlum olub ki, onun Moskvanın və Moskva vilayətinin ən elit ərazilərində daşınmaz əmlakı var: Arbatda yerləşən 92 m²-lik mənzil (təxminən $700 min dəyərində) və Barvixa rayonunda nənəsinin adına olan 500 m²-lik malikanə ($3 milyon).
Tiqran Keosayanın qardaşı oğlu Edmond Keosayanın Moskvanın mərkəzi, Mosfilmovskaya rayonunda $500 min dəyərində 100 m²-lik mənzili var. “Sputnik” xəbər agentliyinin baş redaktoru Simonyanın anası Zinaidanın isə Moskvanın elit kəndi “Knyaz gölü”ndə (təxminən $2,5 milyon) malikanəsi var. Onun qızı da elə məhz burada yerləşən 900 m²-lik saraya sahibdir.
Marqarita Simonyan 2013-cü ildən “Sputnik”in baş redaktoru vəzifəsini icra edir. “Sputnik Azərbaycan” informasiya portalı 2015-ci ilin may ayından Azərbaycan cəmiyyəti üçün xəbərlər yayımlayır. Bu ilin əvvəlində isə adıçəkilən xəbər portalı Telegram-da Azərbaycan dilində işə başlayıb.
Bu yaxınlarda sosial şəbəkələrdə sözügedən media qurumunun fəaliyyətinin dayandırılması ilə bağlı aksiyalara başlanılmışdı. “Sputnik”in Azərbaycan redaksiyası Rusiyanın təbliğatını aparmaqda və ara-sıra erməni maraqlarını önə çəkməkdə günahlandırılırdı.