Dekabrın 15-də Bakı-Quba və Hacıqabul-Horadiz yollarında narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb. Bu barədə DİN məlumat verib.
Məlumata əsasən, Bakı-Quba yolunda yerləşən Ekoloji Nəzarət Bölüyü postunda “Hyundai” və “Chevrolet”, Hacıqabul-Horadiz yolunda yerləşən postda isə “Hyundai” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.
“Chevrolet” markalı avtomobilin sürücüsü polisə tabesizlik göstərdiyinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri üzrə protokol tərtib edilib. Nəticədə o, məhkəmənin qərarı ilə 25 gün müddətinə inzibati qaydada həbs olunub.
Digər sürücülər barəsində isə 327.1 və 333.1-ci maddələri ilə protokollar tərtib olunub və onlar 6 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər.