Azərbaycan karbohidrogen resursları ilə zəngin ölkə olmasına baxmayaraq, əsas hədəflərdən biri ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücünün 2030-cu ilədək 17%-dən 30%-ə çatdırılmasıdır. Bu sözləri energetika naziri Pərviz Şahbazov 23 noyabrda baş tutan Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Çong Soo Park ilə keçirilən görüşdə deyib.
Nazirin sözlərinə görə, milli prioritetlərdən biri kimi “yaşıl artım” ölkəsinə çevrilmək və təmiz ətraf mühitə nail olmaqdır. Həmçinin işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması üçün mühüm strateji vəzifələr müəyyənləşdirilib. Həmin ərazilərin enerji tələbatının ödənilməsində bərpa olunan enerji mənbələrindən maksimum istifadə ilə dünyada unikal zonaya çevriləcəyi vurğulanıb.
Komitə sədri qurumun əhatə etdiyi 14 ölkə sırasında Azərbaycanın coğrafi olaraq ən uzaqda yerləşməsinə baxmayaraq, iki ölkəni sıx münasibətlərin birləşdirdiyini qeyd edib. Həmçinin o, “Yaşıl enerji” istiqamətində Azərbaycanın Koreya şirkətləri ilə əməkdaşlıq edə biləcəyini bildirib.