2021-ci ilin noyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 36,6 milyon dollar təşkil edib. Bu haqda 30 dekabrda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən məlumat verilib.
Portaldan ixrac üçün sifariş olunan əsas mallar pambıq yağı, tibbi zəli, nar şirəsi, tütün, fındıq ləpəsi, xurma, mühərrik yağı, meyvə şirəsi kimi mallara daxil olub.
Cari ilin yanvar-noyabr aylarında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin ümumi məbləği 435,3 milyon dollar təşkil edib.
Azexport.az-ın məqsədi Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır. Portal dünyanın bir çox elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan nemətlərini planetin bütün nöqtələrində potensial alıcılara əlçatan edir.