Azərbaycan vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən mütəşəkkil dəstə ifşa edilib. Bu barədə DTX dekabrın 23-də məlumat yayıb.
Müəyyən edilib ki, mütəşəkkil dəstə üzvləri Facebook-da yaratdıqları saxta hesablar vasitəsilə müxtəlif şəxslərə videogörüntülü zənglər edərək intim xarakterli hərəkətlər etmiş, xüsusi proqram təminatları ilə zəng edən və zəng qəbul edən tərəflərin qarşılıqlı əks olunduğu ekran pəncərəsinin videoçəkilişini həyata keçirmişlər.
Daha sonra həmin vətəndaşlarla əlaqə yaradıb onların və yaxın qohumlarının barəsində rüsvayedici materialları nümayiş etdirib yayma hədəsi ilə külli miqdarda pul tələb ediblər.
Dəstədə 32 nəfər olub və onların əməllərindən 200 nəfərdən artıq vətəndaş zərər çəkib.
Cinayət əməlləri ifşa edilmiş xarici ölkə vətəndaşları Gyurdzhan Stoyanov, Tezdzhan Stoyanov, Sevinch Niyazi və digərləri barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda beynəlxalq hüquqi prosedur tədbirlər yerinə yetirilməkdədir.