Bakının Nizami rayonunda ahıl yaşlı şəxslərin etibarından sui-istifadə edərək kartlarından pul oğurlayan iki şəxs saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyindən aprelin 18-də məlumat verilib.
Belə ki, həmin şəxslər yaşlı insanlara bankomatdan pul çıxartmağa kömək etmək üçün yaxınlaşıb, lakin hesabda pul olmadığı barədə yalan məlumat veriblər. Kart sahibi getdikdən sonra onlar bankomatdan çıxan pulu götürərək hadisə yerindən uzaqlaşıblar. Bu üsulla bir zərərçəkmişdən 250 manat, digərindən isə 1 000 manat pul oğurlanıb.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Mehdiyev və Nemət Cabbarov saxlanılıblar. Araşdırma zamanı bu şəxslərin Ağcabədi rayonunda da eyni üsulla bir neçə sakinin kartından pul oğurladıqları məlum olub.
Faktlarla bağlı cinayət işi başlanılıb.