Dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alanlar da təqaüd ala bilərlər. Bu barədə “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi təklif olunub. Məsələ barəsində aprelin 19-da Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Afət Həsənova Trendə danışıb.
A.Həsənovanın fikrincə, bu dəyişiklik peşə təhsilinə marağın artırılmasına töhfə verəcək.
“Peşə təhsili bu günün çağırışıdır. Təəssüflər olsun ki, valideynlər övladlarının bilik və intellektual imkanlarını nəzərə almadan sadəcə diplom xatirinə onları ali təhsilə istiqamətləndirirlər. Lakin gələcəkdə övladının işlə təmin olunub-olunmaması, o işin öhdəsindən gəlib-gəlməməsi valideynləri maraqlandırmır. Valideynlər peşə təhsilinin əhəmiyyətinə diqqət yetirmirlər”, - deyə komitənin üzvü qeyd edib.
O, peşə təhsilinin əhəmiyyətini vurğulayıb və turizm sahəsini misal olaraq göstərib: “Turistlərə göstərilən xidmət hələ də lazımi səviyyədə deyil. Bu da həmin sahədə olan mütəxəssislərin sayının az olmasından, onların hazırlıq səviyyəsinin aşağı olmasından irəli gəlir”.
Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsil alanlara təqaüd verilir.