Azərbaycanda qumar oynayan şəxslər 5 min manat məbləğində cərimə olunacaqlar. Bu haqda 27 dekabr tarixində Milli Məclisin iclasında qərar qəbul edilib.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, cərimə tətbiqi ilə yanaşı həmin şəxslərdən qumar oyun ləvazimatı, mərc qismində verilmiş pul vəsaitləri, qazanılmış uduş və mükafat da müsadirə olunacaq.
Həmçinin, dəyişiklikdə qumar oyunlarını təşkil edənlərin və keçirənlərin cinayət məsuliyyətinə cəlb ediləcəkləri öz əksini tapıb.
Belə ki, bu şəxslər 10 min manatdan 15 min manatadək cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni əməl təkar və ya mütəşəkkil dəstə tərəfindən törədilərsə cəza müddəti 3 ildən 6 ilədək olacaq.