İrandan 63 kiloqramdan artıq narkotik keçirən şəxslər tutulub. Bu haqda 11 mart tarixində Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Belə ki, martın 9-da Cəbrayıl rayonunun Marallı kəndi yaxınlığında 4 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkət etdikləri aşkar edilib. Onlar ərazinin kolluq və sıx qamışlıq olmasından istifadə edərək hadisə yerindən qaçıblar.
Mart ayının 10-da həmin yerdə 1 nəfər geri qayıdarkən saxlanılıb. Onun Beyləqan rayonu 1-ci Şahsevən kənd sakini olduğu məlum olub.
Sözügedən şəxsin əlindəki 3 kisəyə baxış zamanı içərisindən 35,4 kiloqram heroin, 14,1 kiloqram metamfetamin, 13,6 kiloqram marixuana, 1970 psixotrop həb tapılıb. Həmçinin 6 şüşədə 10,5 litr “Çaykovski” markalı spirtli içki müsadirə olunub.
Digər üç sərhəd pozucusu geri qayıdarkən onların sərhədboyu zolaqda qamışlıq sahədə gizləndiyi yer aşkarlanıb və onlar saxlanılıb. Cinayətkarlar qonşu ölkənin vətəndaşlarıdır.