“Azərpoçt” MMC tərəfindən yeni “Extra” layihəsinin həyata keçirilməsinə başlanılıb. Bu barədə 2 dekabr tarixində qurumun saytında məlumat verilib.
Pilot layihə ilkin olaraq Abşeron, Sumqayıt, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Yevlax, Ucar, Kürdəmir, Zərdab, Mingəçevir və Gədəbəydən Bakıya göndərilən poçt bağlamaları və banderollarına şamil olunur.
Belə ki, “Extra” göndərişlər gün ərzində ən qısa zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən “Şəbəkə” xidmət mərkəzində və ya Poçt Daşıma Mərkəzinin poçt göndərişlərinin çıxış məntəqəsində alıcıya təhvil verilir.
Bağlamaları və banderolları Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən “Şəbəkə” xidmət mərkəzindən bayram günləri də daxil olmaqla həftənin bütün günləri saat 09:00-dan 21:00-dək, Poçt Daşıma Mərkəzindən isə günün 24 saatı ərzində əldə etmək olar.