Azərbaycanda mövcud layihələr üzrə sənaye zonalarına əlavə 400 milyon manat investisiyanın yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Bu barədə 22 noyabr tarixində İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
İndiyədək sənaye zonalarında 89 rezidentlik statusu alan shaibkarlıq subyektindən artıq 55-i fəaliyyətə başlayıb. Bu günədək sənaye zonalarına 6,2 milyard manatdan çox investisiya yatırılıb və 9500-dək iş yeri yaradılıb. Zonalarda istehsal olunan 5 milyard manatlıq məhsulun 1,4 milyard manatlıq hissəsi ixrac edilib.
2021-ci ilin ilk 9 ayında həmin müəssisələrdə istehsal 2020-ci ilin eyni dövrü ilə müqayisədə 56,7%, ixrac isə 2 dəfədən çox artıb.
Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac olunur.
Qeyd edək ki, sənaye zonalarında sahibkarlar qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.