Dekabrın 1-də Bakıda Fəvvarələr meydanında ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açılacaq. Yarmarka yanvarın 15-dək davam edəcək.
Tədbirdən toplanan vəsaitlər müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə və əməliyyatına yönəldiləcək. Hər il olduğu kimi, uşaq evlərinin sakinləri yarmarkanın qonaqları olacaq.
Xeyriyyə yarmarkası kiçik taxta evlərdə təşkil edilib. Burada suvenirlər, kitablar, geyim, müxtəlif şirniyyatlar və milli yeməklər almaq olar.
Yarmarka 2013-cü ildən etibarən “Nargis Fond”un təşkilatçılığı və dəstəyi ilə keçirilir. 2020-ci ildə isə koronavirus pandemiyası səbəbindən yarmarkanın keçirilməsi mümkün olmamışdır.