Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev Vətənə qayıdıb. Bu barədə Report-a tələbənin atası Amin Abdullayev məlumat verib.
H. Abdullayev əvvəlcə Polşaya, oradan isə Macarıstan vasitəsilə Bakıya gəlib.
Neftçala rayon sakini olan H. Abdullayev ali təhsilini Ukraynada alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü. Bir həftə öncə isə o, girovluqdan azad olunmuşdu və Azərbaycan diaspor nümayəndələrinə təhvil verilmişdi.