Tələbələri ən çox maraqlandıran məsələlərdən biri universitetlərdə qidalanma imkanıdır. Bakıda hansı universitetlərin bufetlərində qiymətlər daha sərfəlidir? Bunu öyrənmək üçün İnsanoid araşdırma aparıb.
Bakı Dövlət Universitetində (BDU) tələbə üçün doyumlu menyunun (salat, əsas yemək, qarnir) qiyməti 8 manat təşkil edir. Eyni menyu İqtisad Universitetində (UNEC) tələbəyə 5,10 manata başa gəlir. Çay ilə şirniyyat isə bu universitetlərdə müvafiq olaraq 1,10 və 0,80 manata satılır.
BDU-da oxuyanlar bufetdə qiymətlərdən çox yer azlığından narahatdırlar. “Yeməkxanada həmişə sıxlıq olur, tənəffüs vaxtımız növbələrdə keçir və bu səbəbdən yemək yeməyə çatdırmırıq”, - deyə III kurs tələbəsi qeyd edib.
BDU-da qızardılmış toyuğun qiyməti 2,80 manat, UNEC-də isə 2,50 manatdır. Neft və Sənaye Universitetində (ADNSU) digərlərindən fərqli olaraq 2 manata tələbələrin “yarı-yarı” adlandırdıqları yemək mövcuddur. Ora kartof qızartması və müxtəlif salat növləri daxildir. Tələbələrin sözlərinə görə, burada doydurucu yemək üçün 5 manat yetərlidir.
Yuxarıda qeyd edilənləri müqayisə etdikdə, nəticə çıxara bilərik ki, tələbələr üçün ən sərfəli qiymətlər ADNSU-dır. Ən baha qiymətlər isə BDU-da müşahidə edilir.