Dələduzluq etməkdə şübhəli bilinən Abşeron sakini saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 2 oktyabr tarixində məlumat verir.
Hacıqabul polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zeynalabidin Məlikzadə vətəndaşlara qarşı dələduzluq etdiyini etiraf edib.
O, avtomobil elanları saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobillərin dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib.
Daha sonra isə ona zəng edən şəxslərlə satış qiyməti barədə razılığa gələrək avtomobili almaq üçün beh göndərmələrini tələb edib, zərərçəkmişlərə özünə məxsus bank hesab nömrəsini tədqim edib. Beh aldıqdan sonra Z.Məlikzadə zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib.
Ümumilikdə 10-dan çox vətəndaşı eyni üsulla aldadaraq zərərçəkənlərin 20 min manata yaxın pulunu ələ keçirən şəxs sonuncu dəfə törətdiyi əmələ görə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı Z.Məlikzadə barəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Hacıqabul RPŞ-yə məlumat vermələri xahiş olunur.