Bu gün Xocalı soyqırımının 33-cü ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının birbaşa dəstəyi ilə Xocalı şəhərinə hücum edərək dinc sakinləri qətlə yetirib.
Soyqırımı nəticəsində 613 nəfər vəhşicəsinə öldürülüb, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə yaşlı insan olub. 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi isə hələ də naməlumdur. Şəhər tamamilə məhv edilib və yandırılıb.
Bu faciə erməni silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Xocalı hadisələri Human Rights Watch, Amnesty International kimi beynəlxalq təşkilatlar tərəfindən sənədləşdirilib və bir sıra dövlətlər tərəfindən soyqırımı kimi tanınıb.
Azərbaycan xalqı hər il 26 fevralda Xocalı qurbanlarını anır və bu qətliamın beynəlxalq səviyyədə tanınması üçün mübarizəsini davam etdirir.