Zəngilan Hava Limanının uçuş-eniş zolağında ərazi minalardan təmizlənib. Hal-hazırda tikinti işləri davam edir. Bu haqda noyabrın 30-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin həlli ilə bağlı Əlaqələndirmə Qərargahının iclasında deyilib.
Qeyd edilib ki, oktyabrın 26-da istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanı dünya praktikasında ən sürətli icra edilmiş infrastruktur layihələrindən biridir.
“Laçın Hava Limanına gəldikdə isə, aeroportun yeri müəyyən edilməklə plan-sxemlər hazırlanıb və tikinti işlərinə başlanması üçün baza yaradılır”, - deyə iclasda vurğulanıb.
Cari ilin aprel ayında təməli qoyulan Zəngilan Hava Limanı Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ikinci hava limanı kimi tikilib istifadəyə veriləcək. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 kilometr təşkil edəcək. Tikinti işlərinin 2022-ci ildə tamamlanması planlaşdırılır.