“Kənd təsərrüfatında innovativ sahibkarlıq üçün bacarıqların artırılması” proqramının açılış konfransı baş tutub. Bu haqda 10 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat verilib.
Tədbirdə kənd təsərrüfatının müxtəlif sektorlarında aqrar innovasiyaların rolu və dəstək mexanizmləri ilə bağlı panel müzakirəsi keçirilib. “Heyvandarlığın müasir problemləri və innovativ yanaşmalar”, “Aqrar innovasiyaların kənd təsərrüfatında rolu”, “Tərəvəzçilik sahəsində aqrar innovasiyaların tətbiqi” mövzularında təqdimatlar nümayiş olunub.
Proqramın əsas məqsədi sahibkarlar üçün sözügedən istiqamətdə biznes məsləhət xidmətlərinin inkişaf etdirilməsidir. Bunun üçün Aqrar İnnovasiya Mərkəzinin və Nazirliyin 20 əməkdaşı təlimlərə cəlb ediləcək. Proqramı uğurla başa vuran nümayəndələr rayonlarda innovativ ideya müəlliflərinə təlimçi və mentor kimi dəstək göstərəcək.
Qeyd edək ki, proqram Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir.