Son dövrlər bankların adından istifadə edərək insanların mobil telefonlarına mükafat, hədiyyə və ya lotereya qazanmaları ilə bağlı saxta mesajlar göndərilir. Baş Prokurorluq kibercinayətkarlar tərəfindən göndərilən bu mesajlarla bağlı əhaliyə xəbərdarlıq edib.
“Həmin mesajlarda müxtəlif rəqəm və hərflərdən ibarət linkə daxil olmaq tələb olunur ki, bu yolla onlar şəxsi məlumatları daha asan şəkildə əldə edə bilirlər”, - deyə bildirilib.
Linkə daxil olduqda vətəndaşdan bir neçə sadə sualın cavablandırılması və yaxud bank kartından cuzi miqdarda ödənişin edilməsi tələb olunur.
Bir çox insan mesajların müştərisi olduğu bank tərəfindən göndərildiyini düşünərək həmin linklərə daxil olur, hətta həmin mesajı digərlərinə göndərərək yayılmasına səbəb olur.
Baş Prokurorluqdan bu kimi hallara inanmamaq və bank kartları barədə məlumatları məxfi saxlamaq məsləhət görülür.