Xarici İşlər Nazirliyində kifayət qədər vakansiya mövcuddur. Bu barədə 27 dekabr tarixində keçirilən mətbuat konfransında nazir Ceyhun Bayramov məlumat verib.
Onun sözlərinə görə, iki il ərzində qurumda kifayət qədər boş iş yerləri yaranıb. Nazirlikdə işə qəbulla bağlı işçi qrupu yaradılıb, namizədlər üzrə kriteriyalar müəyyənləşdirilib. Bununla bağlı Dövlət İmtahan Mərkəzi ilə iş başlayıb. “23 dekabr tarixindən sənəd qəbulu başlayıb. 23 yanvar tarixində isə birinci mərhələnin imtahanı keçiriləcək”, - deyə nazir əlavə edib.
Ceyhun Bayramovun sözlərinə görə, ən yaxşı nəticə göstərən 100 nəfər ikinci mərhələyə dəvət alacaq. İkinci mərhələ Nazirliyin işçiləri tərəfindən keçiriləcək müsahibə mərhələsi olacaq. İkinci mərhələdən uğurla keçən namizədlər ya dərhal işə qəbul olunacaq, ya da 2 il ərzində Naziriliyin kadr ehtiyatında saxlanılacaq.