“Biz və əti gətirən şirkət məhsula cavabdehik. AQTA tərəfindən sertifikatımız var”. Bu barədə Oxu.Az-a dekabrın 13-də kütləvi zəhərlənmə baş vermiş “Dönər Market”in administratoru Orxan Ağayev məlumat verib.
Onun sözlərinə əsasən, bugünə qədər dönər evində belə hadisə baş verməyib. Həmin şəxslərin dönərdən zəhərlənməsinin sübut edilməsi üçün ekspertizanın cavabı gözlənilir.
“Əti bizə gətirən şirkət var, biz də onlardan tələb edəcəyik ki, vəziyyəti izah etsinlər. İstəyirsinizsə, özüm də bu ətlərdən yeyim. Mən ölməsəm, deməli, məhsulda problem yoxdur”, - deyə administrator əlavə edib.
Belə ki, sözügedən obyektdən müxtəlif saatlarda dönər almış 8 nəfər zəhərlənmə faktı ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, 2 zərərçəkən şəxs artıq evə buraxılıb, digərlərinin müalicəsi isə davam edir.
Faktla bağlı araşdırma davam edir.
AQTA qida zəhərlənmələrindən qorunmaq üçün diqqət yetirilməli məqamlar haqqında açıqlama yayıb.