Hacıqabulda güclü sel Pirsaatçay üzərindəki körpünü uçurub. Bu haqda mayın 9-da Report xəbər yayıb.
Bu gün axşam saatlarında sel rayonun Udulu kəndində bir sıra fəsadlar törədib. Kənd sakinlərinin sözlərinə görə, Pirsaatçay üzərindəki köhnə körpünün bir hissəsi yuyularaq sıradan çıxıb. Nəticədə rayon mərkəzi ilə 7 kənd arasında əlaqə kəsilib.
Məlumata görə, artıq həmin əraziyə müxtəlif təyinatlı texnika cəlb edilib, lazımi tədbirlər görülüb. Körpü artıq bərpa edilərək istifadəyə verilib.