“COVID-19 pasportu olmayan şəxs yoxlayıcını yayındırıb iri ticarət mərkəzinə daxil olsa, burada məsuliyyət birbaşa obyekt rəhbərliyinin üzərinə düşür”. Bu məlumatı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev avqustun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.
Şöbə rəisi deyib ki, COVID-19 pasportunun olmasının yoxlanılması üçün iri ticarət obyektlərinin qarşısına polis əməkdaşlarının qoyulması nəzərdə tutulmur. Bu iş sahibkarlıq subyektlərinin rəhbərlərinin təyin elədiyi şəxslər tərəfindən həyata keçirilməlidir.
DİN-in əməkdaşı əlavə edib ki, monitorinq qrupları qəfləti, birbaşa və müxtəlif formalarda yoxlamalar həyata keçirəcəklər. Polis əməkdaşları obyektlərə həm xidməti, həm də mülki geyimdə daxil ola bilərlər.
Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslərin 200-400 manat, vəzifəli şəxslərin 4000-5000 manat, hüquqi şəxslərin 5000-11000 manat cərimə olunması nəzərdə tutulub.