Son 15 ildə ali məktəblərə qəbul zamanı texniki ixtisasları seçən qızların sayı kifayət qədər artıb. Hətta bu il 4 qız Dəniz Akademiyasına qəbul olunub. Bu da o deməkdir ki, kişi ixtisası stereotipləri artıq pozulur. Bunu noyabrın 24-də Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmisi Məleykə Abbaszadə qadınların imtahanlarda uğurlarından danışarkən bildirib.
DİM-in Direktorlar Şurasının sədri həmçinin regionlarda 9-cu sinifdən sonra orta təhsildə qızların sayında kəskin azalma olduğunu vurğulayıb. O qeyd edib ki, bu erkən nikah və ya qızların təhsildən uzaq tutulması tendensiyalarından xəbər verir.
“Peşə imkanları olmayan qadınların çoxu erkən nikahın qurbanı olur. Onlar öz hüquqlarını müdafiə etmirlər və kobud rəftara dözməli olurlar”, - deyə Məleykə Abbaszadə söyləyib.
Onun sözlərinə əsasən, qadınların iştirakı cəmiyyətdə əlavə dəyər yaranmasına, fəaliyyətlərin çeşidlənməsinə səbəb olur: “Avropada iqtisadiyyatçılar artım tempini gender bərabərliyi ilə əlaqələndirir".