Şəmkir rayonunun Keçili kəndinin orta məktəbinin binası yararsız haldadır. Bu haqda illərdir bu problemdən əziyyət çəkən kənd sakinləri sentyabrın 3-də “Baku TV”-yə bildiriblər.
Kənd dağətəyi ərazidə yerləşdiyindən qış aylarında vəziyyət daha da çətinləşir. Məktəbdə istilik sisteminin olmamasına görə odundan istifadə olunur. Sakinlərin sözlərinə görə, nə valideynlər uşaqlarını məktəbə göndərmək istəyir, nə də uşaqlar məktəbə getmək fikrindədir.
Keçili kəndi Şəmkir rayonun ən böyük beş yaşayış massivindən biridir. 1970-ci illərdə inşa edilən məktəbdə bu gün təxminən 600-dən artıq şagird təhsil alır. Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, Keçili kənd orta məktəbinin təmir-tikinti işlərinə növbəti illərin investisiya proqramında baxılacaq.