Dünən, mayın 8-də “Yüksəliş” müsabiqəsinin “Qabiliyyət imtahanı” baş tutub. Bu barədə müsabiqənin sosial şəbəkə hesablarında məlumat verilib.
İmtahanda 6041 nəfər iştirak edib. Testlər abstrakt düşüncə, rəqəmsal məlumatlarla işləmək bacarığı və verbal məlumatlarla işləmək bacarığı olmaqla 3 bloku əhatə edib.
Qarşıda namizədləri “Əyani mərhələ” gözləyir.
Qeyd edək ki, müsabiqədə iştirak üçün 12 299 namizəd müraciət etmişdir. Onlardan 12 253-ü onlayn mərhələdə iştirak haqqı əldə etmişdir.
Müsabiqənin sonunda qalib kimi 20 iştirakçı seçiləcək. Onlar bir illik mentorluq proqramına qoşulmaq və fərdi inkişaf üçün 20 min manat pul mükafatı qazanmaq imkanı əldə edəcəklər.