Ötən 6 ildə Bakıda avtobus parkının 34%-i ekoloji təmiz, “Avro-6” standartlı, sıxılmış təbii qaz mühərrikli avtobuslarla əvəzlənib. Hədəf 2022-ci ilin sonunadək bu rəqəmi 75%-ə çatdırmaq və elektrikli avtobusları istismara verməkdir. Bu haqda dekabrın 21-də Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Dizellə işləyən avtobuslarla müqayisədə sıxılmış təbii qaz ilə işləyən avtobuslardan havaya atılan karbon qazı 30%, azot dioksid isə 32% daha azdır.
2015-ci illə müqayisədə 2019-cu ildə avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin həcmi 32,5 ton, adambaşına düşən göstərici isə 5,9 kq azalıb.
"Velosipeddən istifadə bu gün iqlim dəyişikliyinə töhfə verə biləcək ən uğurlu alternativ nəqliyyat vasitəsidir. Agentlik velosipedin nəqliyyat vasitəsi kimi populyarlaşdırılmasını hədəfləyərək velosiped yolları və zolaqlarının təşkili üzrə də işlər görür", - məlumatda qeyd edilib.