Bakının Səbail rayonunda 21 000 manatlıq oğurluq edən şəxslər saxlanılıb. Bu haqda yanvarın 29-da DİN məlumat verib.
3 nəfər şəxs bir neçə gün onlardan birinin dostunun evində qonaq qalıblar. Daha sonra isə ev sahibinin olmamasından istifadə edərək mənzildən 8700 manat, 1600 dollar, 7000 manat dəyərində qızıl-zinət əşyaları və dəyəri 3000 manat olan 1 ədəd kürk oğurlayıblar.
Polis tərəfindən aparılan daha bir əməliyyat nəticəsində bank kartlarından oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı paytaxt sakini tutularaq istintaqa təqdim edilib. O, müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin bank kartlarından ümumilikdə 4000 manata yaxın pul oğurlayıb.
Metronun “İçərişəhər” stansiyasının yaxınlığında vətəndaşlardan birinin çantasını oğurlayan şəxs saxlanılıb. Tədbir nəticəsində Bakı şəhər sakini tutularaq bölməyə gətirilib. Onun oğurladığı çantanın içində dəyəri 3000 manat olan mobil telefon və 600 manatlıq elektronika məhsulları olub. O, oğurladığı əşyaları paytaxt ərazisindəki mağazalardan birinə satıb.
Faktlarla bağlı toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib.