Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan Ordusunun döyüşçüsü Əli Hüseynovun meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonunda dəfn olunub. Bu barədə 11 sentyabr tarixində Report məlumat verib.
Şəhid rayonun Aşağı Yağlıvənd kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Hüseynov Əli Heydər oğlu 1968-ci il avqustun 13-də Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində anadan olub. 1991-ci ilin axırlarından etibarən könüllü surətdə ordu sıralarına yazılaraq Füzuli, Xocavənd ərazilərində gedən döyüşlərdə iştirak edib.
Ə.Hüseynov 1993-cü il avqustun 6-da Füzuli rayonunun Govşaltı kəndinin azadlığı uğrunda gedən döyüşlərdə itkin düşüb.
2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb.
Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Əli Hüseynova məxsus olduğu təsdiqlənib.