Ağdam rayonunun işğaldan azad edilən ərazilərində əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün su təsərrüfatı obyektlərinin bərpasına başlanılıb. Bu haqda 13 sentyabr tarixində Azərtac xəbər verib.
“İşğaldan azad edilən ərazilərin suvarma təminatı üçün əsaslı təmir işlərinə başlanılıb. Xaçınçay su anbarının qarşısında 14 kilometr suvarma kanalı minalardan təmizlənib. Artıq bir ədəd subartezian quyusu bərpa edilib və onun vasitəsilə 35 hektar ərazi suvarma suyu ilə təmin olunacaq”, - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə məlumat verib.
Ağdam mexaniki suvarma idarəsinin balansında 986 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalı və 192 hidrotexniki qurğu mövcuddur.