İşğaldan azad edilmiş ərazilərdə yeni vergi güzəştləri tətbiq edilə bilər. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov 27 oktyabr tarixində keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitindəki çıxışında bildirib.
Mikayıl Cabbarovun sözlərinə görə, Sammit Qarabağ və Şərqi Zəngəzur regionlarının investisiya potensialının tanıdılması baxımından əlverişli platformadır. Həmçinin nazir İslam Əməkdaşlıq Təşkilatının (İƏT), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin sahibkarlarını Qarabağın azad edilmiş ərazilərində sərmayə yatırılmasına dəvət edib.
Keçirilən sammitdə İƏT-ə üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar və diplomatik korpusun nümayəndələri iştirak edib.
Tədbirdə İƏT ölkələrindən 50 yeni startapın təqdim olunduğu sərgi təşkil olunub. Sözügedən sərgidə qida, kənd təsərrüfatı, “yaşıl” iqtisadiyyat, maliyyə texnologiyaları, ağıllı texnologiyalar və s. sahələr üzrə startap layihələr təqdim olunub. Sammitin sonuncu günü, oktyabrın 29-da isə sammit iştirakçıları Şuşa və Füzuli şəhərlərinə səfər edəcək, Gəncə şəhərində Nizami Gəncəvinin 880 illiyi ilə bağlı mədəni tədbirlərdə iştirak edəcəklər.