Noyabrın 1-də Şamaxı şəhər stadionunun açılışı olub. 2200 azarkeş tutumu olan şəhər stadionunda beynəlxalq oyunların keçirilməsi mümkün olacaq.
Bundan başqa ölkə ərazisində 35 futbol stadionu var. Bəs Azərbaycanda ən böyük azarkeş tutumuna malik olan stadionlar hansılardır?
Azərbaycandakı ən böyük stadion Bakı Olimpiya Stadionudur. Təxminən 69 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu MDB ölkələrindəki stadionların tutumuna görə ilk onluğa daxildir. Podratçı şirkətin məlumatına əsasən, stadionun tikintisi 640$ milyon başa gəlib.
Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionu Azərbaycanın ikinci ən böyük futbol stadionudur. Tamaşaçı tutumu 31 min olan stadion dünyada futbol hakiminin adını daşıyan yeganə futbol arenasıdır. “Qarabağ” futbol komandası avrokuboklarda ev oyunlarının əksəriyyətini bu stadionda keçirir.
Gəncə şəhər stadionunun tutumu 27 min tamaşaçıdır. Gəncənin "Kəpəz" klubu ev oyunlarını burada keçirir. Bu stadion Azərbaycanın ən böyük klub stadionudur.
Azərbaycanda dördüncü ən böyük stadion Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionudur. Bu stadion 15 350 azarkeş qəbul edə bilir.
Xəzər Lənkəran Mərkəzi Stadionunda oturacaqların sayı 15 mindir. Burada keçirilən oyunlarda azarkeşlərin güclü dəstəyinə görə stadion qeyri-rəsmi olaraq "Fırtınalar meydanı" adlandırılır. Stadion Mübariz Mənsimova məxsus olan "Palmali" şirkətlər qrupunun maliyyə vəsaiti ilə tikilib. Tikintiyə 15$ milyondan çox xərclənib.
[gallery columns="1" size="full" link="file" ids="12086"]