Bugün, 21 dekabrda Bakıda Aqrobiznesin İnkişafı Forumu öz işinə start verib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat verilib.
Forumda aqrar sahənin investisiya imkanları, bank sektorunda aqrobiznesin maliyyələşdirilməsi təcrübəsi, risklər və onların tənzimlənməsi, aqrar sahədə sahibkarlığın inkişafı, aqrar sahənin inkişafında dövlətin rolu barədə müzakirələr aparılıb.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verib ki, kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8%, məhsul ixracı isə 13% artıb.
Həmçinin bildirilib ki, kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli istifadəsi üçün həmin torpaq sahələrinin icarəyə və istifadəyə verilməsi mexanizmi təkmilləşdiriləcək. Eyni zamanda ixracyönümlü aqrar istehsal mallarına gömrük və vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur.
Aqrobiznesin İnkişafı Forumu öz işini sabah başa vuracaq.