Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını genişləndirmək niyyətindədir. Bu sözləri Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində çıxış edərkən bildirib. Bu haqda 16 dekabr tarixində Report məlumat verib.
Dövlət başçısı bildirib ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük infrastruktur layihələrindən biridir. Qeyd olunub ki, bu layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazı Avropaya çatdırılır. İlham Əliyev vurğulayıb ki, Azərbaycan qazı artıq İtaliya, Yunanıstan və Bolqarıstana ixrac edilir və gələcəkdə ixrac coğrafiyası daha da genişləndirilərək Avropa İttifaqının digər ölkələri ilə də qaz ixrac əlaqələri yaradılacaq.
“Şərq Tərəfdaşlığı” proqramının VI Sammiti dünən, 15 dekabr tarixində öz işinə başlayıb. Proqrama Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus daxildir.