“Azərbaycan İrqi ayrıseçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”. Bu barədə XİN-in rəsmisi Leyla Abdullayeva 17 sentyabr tarixində bildirib.
Onun sözlərinə əsasən, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra, azərbaycanlılara qarşı insan hüquqlarının pozulmasına dair faktlar sənədləşdirilib.
Toplanılmış faktlara azərbaycanlıların evlərindən qovulması, Azərbaycan şəhərlərinin yer üzündən silinməsi, işğal olunmuş ərazilərdə minaların basdırılması və Ermənistanın həmin ərazilərin xəritələrini verməkdən imtina etməsi də daxildir.
Cari ilin yanvar ayında Azərbaycan Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsində iddia qaldırıb. Ərizədə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə azərbaycanlıların işgəncəyə məruz qalması, mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması məsələləri qaldırılıb.