Azərbaycan - Latviya arasında hərbi əməkdaşlığa dair sənədlərin imzalanmağı planlaşdırılır. Bu barədə 13 sentyabr tarixində «Baltijas Balss» nəşri xəbər yayıb.
Verilən məlumata əsasən, rəsmi Riqa müdafiə sahəsində Bakı ilə əməkdaşlıq haqqında sənədlər paketi hazırlayıb. Bugün Latviyanın Müdafiə naziri Artis Pabriks sənədlər paketini ölkənin nazirlər kabinetinə təqdim edəcək.
Sənədlər ümumilikdə 15 əməkdaşlıq sahəsini, o cümlədən hərbi sənaye kompleksi, hərbi geodeziya, topoqrafiya, meteorologiya, hərbi tibb və logistika sahələrini əhatə edəcək.
Müqaviləni Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun imzalayacağı ehtimal edilir.
Nəşrin məlumatına görə, müqavilənin Latviya tərəfindən hazırlanması Şimali Atlantika Alyansının rəhbərliyi ilə razılaşdırılmışdır. Bu o deməkdir ki, Alyans Bakını dəstəkləməyə meyllidir.